“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rövşən Məmmədov güclü idarəçinin əsas xüsusiyyətlərindən biri olan kommunikasiya bacarığından, media orqanları vasitəsilə cəmiyyətlə düzgün ünsiyyət qurmağın yollarından, düzgün medianı və hədəf kütləsini müəyyənləşdirməyin, o cümlədən nitq mədəniyyətinin əhəmiyyətindən bəhs edib. O, bu istiqamətdə qaliblərin suallarını cavablandırıb, mövzu barədə qaliblərlə fikir mübadiləsi aparıb. Qaliblərin nitq qabiliyyəti barədə fərdi şərhlər verən Rövşən Məmmədov onlara gələcəkdə nitq bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif təlimlərdə iştiraka cəlb etməyə köməklik göstərəcəyini bildirib.
Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.